Maliyyə Bazarlarına Nəzarət Palatası “Mingəçevir Tekstil” MMC-ni cərimələyib. "FED.az" məlumatına görə, Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, “Mingəçevir Tekstil” İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsi ilə təqsirli bilinib.
Qeyd edək ki, İXM-in 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
"Mingəçevir Tekstil" inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 3827, 70 ABŞ dollarının 30%-i, yəni 1148,31 ABŞ dolları (təxminən, 1952 manat) cərimə edilib. MMC-nin qərardan verilən şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılır.
"Mingəçevir Tekstil" Məhdud Məsuliyyətli Cəmiyyəti 25 may 2017-cü il tarixində Mingəçevir Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və iplik istehsal edən müəssisədir.