Ötən il ərzində Azərbaycanda orta aylıq əmək haqqı 1009 manat təşkil edib.
FED.az bu barədə Dövlət Staistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə Azərbaycanın rayon və şəhərləri arasında ən yüksək əmək haqqı Xankəndi şəhərində verilib.
Belə ki, bu ilin yanavr ayının əvvəlinə olan məlumata görə Xankəndi şəhərində muzdla işləyən işçilərin orta aylıq nominal əmək haqqı 1 627 manat təşkil edib.
Paytaxt Bakıda isə orta aylıq nominal əmək haqqı 1 269 manata bərabər olub.
Xankəndi və Bakıdan sonra ölkədə orta aylıq nominal əmək haqqının 1 000 manatdan yüksək olduğu yeganə rayon Daşkəsən olub. Daşkəsən rayonunda orta aylıq nominal əmək haqqı təxminən 1 146 manat təşkil edib. Rayon bu göstəriciyə görə ilk üçlükdə yer alıb.
Növbəti üçlüyə işğaldan azad edilmiş rayonlar daxildir. Bunlar orta aylıq əmək haqqı 939 manat olmaqla Ağdərə, 907 manat olmaqla Şuşa və 911 manat olmaqla Zəngilan rayonlarıdır. Şuşa və Zəngilan rayonundan sonra daha 6 rayonda orta aylıq əmək haqqı 800 manatdan yüksək olub.
Ən aşağı əmək haqqı isə Qax rayonunda verilib. Qaxda muzdla işləyən şəxslərə verilən orta aylıq nominal əmək haqqı 539 manata bərabər olub. Balakən rayonunda isə orta aylıq əmək haqqı 572 manat təşkil edib.