Ucarda pambıq zavodları istifadəyə veriləcək.
FED.az xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri İnam Kərimovun rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.
Qeyd olunur ki, pambıqçılıqda həyata keçirilən məqsədyönlü tədbirlər məhsuldarlığın artırılmasını və son nəticədə bu sahənin ənənəvi nüfuz və şöhrətinin qaytarılmasını təmin edəcək:
"Kənd təsərrüfatı məhsulları üzrə emal sənayesinin gücləndirilməsi istiqamətində görülən tədbirlər çərçivəsində Ucar rayonunda pambıq emalı, pambıq yağı və lifsiz pambıq toxumu istehsalı zavodları istifadəyə veriləcək. Bu isə ölkədə sahənin inkişafına mühüm töhfə olmaqla bərabər, lifsiz pambıq toxumuna tələbatın yerli istehsal hesabına ödənilməsinə imkan verəcək".
Nazir bildirib ki, aqrar islahatların hazırkı mərhələsi həm də yüksək əlavə dəyər yaradan ənənəvi sahələrin inkişafı baxımından tarixi dönüş dövrü kimi xarakterizə oluna bilər:
"Belə ki, pambıqçılıq, tütünçülük, çəltikçilik, baramaçılıq, çayçılıq, üzümçülük və sitrus meyvəçiliyi ilə bağlı qəbul olunmuş dövlət proqramları çərçivəsində bu sahələrin inkişafı üzrə tədbirlər ardıcıl və sistemli şəkildə həyata keçirilib. Nəticədə yüksək əlavə dəyər və kənd yerlərində geniş məşğulluq imkanı yaradılan sənaye təyinatlı və ixracyönümlü bu sahələrdə əhəmiyyətli inkişaf dinamikası əldə olunub".