2018-ci ilin ilk doqquz ayında Şamaxı rayonunda 181,3 milyon manat dəyərində ümumi məhsul buraxılışı olub. FED.az xəbər verir ki, bu barədə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev 9 ayın nəticələrinə həsr edilmiş toplantıda bildirib. İclasda bməlumat verilib ki, rayonda sənaye məhsulunun həcmi 4,8 milyon manata çatdırılıb. Əsas kapitala yönəldilən investisiyaların həcmi 58,4 milyon manat, tikinti-quraşdırma işlərinin həcmi 56,1 milyon manat təşkil edib.
Bu müddətdə işə göndərilənlərdən 465 nəfərin əmək müqavilələrinin bir il müddətinə uzadılması təmin edilib, əlavə olaraq 315 nəfər işaxtaran vətəndaşa iş yerlərinə göndərişlər verilib, onların da əmək müqavilələrinin bağlanılması prosesi başa çatdırılıb. Doqquz ay ərzində 568 daimi iş yeri açılıb. 2003-cü ildən indiyə kimi rayon üzrə 18 min 981 iş yeri yaradılıb ki, bunun da 16 min 310-u daimidir.
Məlum olduğu kimi, Şamaxının iqtisadiyyatında kənd təsərrüfatı əsas yer tutur. Görülən tədbirlər nəticəsində 2018-ci ilin doqquz ayı ərzində bu sahədə 60,9 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 34,5 faizi heyvandarlıq, 65,5 faizi isə bitkiçilik məhsullarının payına düşür.
2019-cu ilin məhsulu üçün payızlıq dənli əkin başa çatdırılıb. Ərzaq bolluğu yaratmaq və investisiyanın cəlbi məqsədi ilə rayon ərazisində yaradılmış aqroparklarda ötən müddət ərzində xeyli iş görülüb. Bu müəssisələrdə əkilmiş 471 hektar sahənin suvarılması müasir qaydalara uyğun olaraq, pivot üsulu ilə həyata keçirilir.
“Agro Dairy” MMC-də 13700 hektar sahədən buğda biçilib, “Agro Fresh” MMC-də isə 4,2 kilometr yolun tikintisi davam etdirilib. Hazırda əraziyə işıq, qaz və su xətlərinin çəkilməsi layihələndirilir. Meysəri kəndinin ərazisində fəaliyyət göstərən “Şirvan şərabları” müəssisəsi tərəfindən inzibatı binanın, şərab emalı zavodunun, hazır məhsul üçün nəzərdə tutulan anbarın və iaşə obyektlərinin tikintisi ötən dövr ərzində tamamlanıb və istifadəyə verilib.
“Mədrəsə Aqro MMC” müəssisəsi tərəfindən 74 hektar sahədə yeni üzüm bağı salınıb.