Milli valyutada əmanətlərin regionlar üzrə bölgüsü açıqlanıb. İqtisadi regionlar üzrə cəlb olunmuş əmanətlərin həcminə görə liderlər müəyyənləşib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, manatla yerləşdirilən əmanətlərin həcminə görə Bakı və Abşeron yarımadası mütləq liderliyini qoruyur.
Renkinqə Bakı iqtisadi rayonu başçılıq edir. Paytaxtda milli valyutada cəmi 9 milyard 799 milyon 393 min manat (6,44%) vəsait saxlanılır.
İkinci yerdə Abşeron-Xızı iqtisadi rayonu qərarlaşıb – cəmi 521 milyon 881 min manat (7,81%).
Gəncə-Daşkəsən iqtisadi rayonu 243 milyon 225 min manat (7,33%) göstərici ilə üçüncü sırada yer alıb.
Dördüncü sırada Quba-Xaçmaz iqtisadi rayonu dayanır – 155 milyon 40 min manat (6,66%).
Siyahının beşinci pilləsində Lənkəran-Astara iqtisadi rayonu (137 milyon 826 min manat və ya 6,74%) qərarlaşıb.
Altıncı yerdə Mərkəzi Aran iqtisadi rayonu gəlir – 136 milyon 526 min manat (6,55%). Siyahının yeddinci pilləsini isə Şəki-Zaqatala iqtisadi rayonu (135 milyon 529 min manat və ya 6,13%) tamamlayır.










