Milli valyutada ən az əmanət yerləşdirilən rayonlar açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ölkə üzrə manatla (milli valyuta) bank əmanətlərinin ən az olduğu bölgələr əsasən işğaldan azad edilmiş ərazilər və Naxçıvanın bəzi rayonlarıdır.
Siyahının son pilləsində (ən az əmanət) Cəbrayıl rayonu qərarlaşıb. Rayon üzrə banklarda milli valyutada cəmi 0,1 milyon manat vəsait yerləşdirilib.
İkinci yerdə yenidənqurma işlərinin davam etdiyi Zəngilan rayonu gəlir – burada manat portfeli 0,3 milyon manat təşkil edir.
Laçın rayonu 0,4 milyon manat göstərici ilə üçüncü sırada yer alıb. Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda isə bu rəqəm 0,7 milyon manat olub.
Ən az manat əmanətinə malik beşinci bölgə Xızı rayonudur – 0,9 milyon manat.
Altıncı yerdə Kəngərli rayonu qərarlaşıb. Burada banklara milli valyutada yatırılan vəsaitin həcmi 1,2 milyon manat olub.
Yeddinci və səkkizinci yerləri eyni göstərici ilə Şahbuz və Qobustan rayonları bölüşür – hər birində 1,4 milyon manat.
Siyahının doqquzuncu pilləsində Yardımlı rayonu (1,5 milyon manat) qərarlaşıb. Milli valyutada ən az əmanət olan rayonların onluğunu isə cənub bölgəsindən Lerik rayonu (2,1 milyon manat) tamamlayır.










