Cari ilin ilk aylarında tikinti sektorunun aktivliyi aşağı olsa da, sonrakı aylarda aktivlik artıb və ötən ilin müvafiq dövrünü üstələyib.
FED.az bu barədə Mərkəzi Bankın Maliyyə Sabitliyi hesabatına istinadən xəbər verir.
Son illərdə tikinti sektorunun ÜDM-dəki payı müəyyən qədər dəyişkənlik nümayiş etdirsə də, ümumilikdə tikinti sektorunun həm nominal ÜDM həcmi, həm də ümumi iqtisadiyyatda payı artmaqdadır. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə tikinti sektoru üzrə nominal ÜDM-i 12.4%, cəmi ÜDM-dəki payı isə 0.5 f.b. artaraq 6.3%-ə çatıb.
Bu tendensiya investisiya axınlarının bərpa olunması, xüsusilə işğaldan azad olmuş torpaqların bərpası istiqamətində iri infrastruktur layihələrinin icrası, Bakı və Bakı ətrafı ərazilərdə iri tikinti layihələrinin həyata keçirilməsi və daşınmaz əmlak bazarında tələb amillərinin yüksək olaraq qalması ilə əlaqədar olub.
Tikinti sektorunun stabil artım tempi iqtisadiyyatda ümumi investisiya mühitinin güclənməsinə və məşğulluq səviyyəsinin qorunmasına müsbət təsir göstərib.
Beləliklə, son dövrlərdə tikinti sektorunun ÜDM-dəki payının artması ümumi iqtisadi aktivliyin dəstəklənməsində əhəmiyyətli rol oynayıb. 2025-ci ilin iyun ayının sonuna olan məlumatlara əsasən tikinti müəssisələrində çalışan muzdlu işçilərin sayı 2024-cü ilin sonu ilə müqayisədə 5.7% artaraq 119 min nəfər təşkil edib.
Cari ilin ilk yarısı ərzində Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala 8.1 mlrd. manat vəsait yönəldilib ki, bunun da 6.1 mlrd. manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.5% çoxdur. Respublika ərazisində tikinti-quraşdırma işlərinə sərf edilən əsas kapitala yönəldilən vəsaitin 31.5%-i isə (2.0 mlrd. manatı) işğaldan azad olunmuş ərazilərin payına düşüb.
Tikinti sektoruna yönəldilmiş investisiyalar müəyyən dövrlərdə dəyişiklik göstərsə də, yaşayış evlərinin tikintisinə ayrılan vəsaitlər və onların əsas kapitala yönəldilmiş investisiyalardakı payı artmaqdadır.
Son dövrlərdə bu tendensiya daha da güclənib və bazar aktivliyinin yüksəlməsinə səbəb olub. Yaşayış evlərinin tikintisi üzrə sərmayə qoyuluşlarının artması həm yüksək tələblə, həm də dövlət və özəl sektor tərəfindən həyata keçirilən yeni layihələrlə bağlı olub.
Ümumilikdə, investisiya axınlarının bərpası, ölkədə həyata keçirilən tikinti-quruculuq işləri, o cümlədən Prezident sərəncamı əsasında sənədsiz evlərin sənədləşdirilməsi prosesinin davam etdirilməsi fonunda tikinti sektoru və daşınmaz əmlak bazarında aktivliyin yüksək qalacağı gözlənilir.