2025-ci ilin ilk altı ayı ərzində Azərbaycanın şəhər və rayonlarında əsas kapitala yönəlmiş investisiyaların həcmində kəskin artım qeydə alınıb.
FED.az Dövlət Staistika Komitəsinin açıqladığı rəqəmlər əsasında aprdığı hesablamalara istinadən xəbər verir ki, hesabat dövründə investisiya artımına görə Xızı rayonu digər bütün bölgələri qabaqlayır. Burada sərmayə qoyuluşu 2024-cü ilin eyni dövründəki 1 milyon 792 min manatdan heyrətamiz şəkildə 404 milyon 622 min manata yüksəlib. Bu, həm 225,8 dəfəlik nisbi artım, həm də 402 milyon 830 min manatlıq mütləq artım deməkdir.
Xızı ilə yanaşı, bir sıra digər rayon və şəhərlər də on dəfələrlə ölçülən artımlarla diqqət çəkir:
Tovuz rayonunda investisiyalar 1 milyon 710 min manatdan 32 milyon 40 min manata yüksələrək 18,7 dəfə (30 milyon 330 min manat) artıb.
Lerik rayonunda qoyuluşlar 385 min manatdan 4 milyon 243 min manata çataraq 11,0 dəfə (3 milyon 858 min manat) böyüyüb.
Xankəndi şəhərində sərmayələr 7 milyon 558 min manatdan 83 milyon 90 min manata yüksələrək eyni templə, yəni 11,0 dəfə (75 milyon 532 min manat) artıb.
Ucar rayonunda investisiyalar 377 min manatdan 2 milyon 837 min manata qalxaraq 7,5 dəfəlik (2 milyon 460 min manat) artım göstərib.
Sənaye şəhərlərindən Gəncədə sərmayələr 21 milyon 578 min manatdan 142 milyon 769 min manata çataraq 6,6 dəfə (121 milyon 191 min manat), Şirvan şəhərində isə 24 milyon 668 min manatdan 144 milyon 249 min manata yüksələrək 5,8 dəfə (119 milyon 581 min manat) artıb.
Bu siyahını Zərdab (1 milyon 846 min manatdan 10 milyon 117 min manata; 5,5 dəfə və ya 8 milyon 271 min manat artım) və İsmayıllı (20 milyon 540 min manatdan 103 milyon 421 min manata; 5,0 dəfə və ya 82 milyon 881 min manat artım) rayonları tamamlayır.
Digər bölgələrdə artım templəri daha mülayim olsa da, burada da investisiya yatırımlarının canlandığı aydın görünür:
Balakən rayonu və Mingəçevir şəhərində sərmayələr 3,0 dəfə artıb. Bu, Balakəndə 3 milyon 900 min manatlıq, Mingəçevirdə isə 71 milyon 905 min manatlıq artım deməkdir.
Gədəbəy (23 milyon 988 min manat artımla) və Xocalı (43 milyon 104 min manat artımla) rayonlarının hər birində 2,7 dəfəlik artım baş verib.
Yevlax (19 milyon 919 min manat artımla) və Qəbələ (31 milyon 368 min manat artımla) rayonlarında investisiyaların həcmi 2,2 dəfə böyüyüb.
Kürdəmir (5 milyon 571 min manat), Lənkəran (20 milyon 444 min manat) və Cəlilabad (5 milyon 521 min manat) rayonlarında da müvafiq olaraq 2,1, 2,1 və 2,0 dəfəlik artımlar qeydə alınıb.