İsti yay günlərində olduğu kimi, soyuq havalarda da Göygöl rayonu yerli və xarici turistlərin tez-tez gəldiyi bölgələrdəndir.
FED.az xəbər verir ki, gələn qonaqlar göllər tacı olan Göygölə, eləcə də hər tərəfdən meşəli dağlarla əhatələnmiş təbiətə heyranlıqla tamaşa edirlər. Təbiətin bu əsrarəngiz gözəlliyi qışda da göz oxşayır. Əsas da yol kənarlarında demək olar ki, addımbaşı yerli sakinlər tərəfindən yerindəcə hazırlanan kətə və qozlu kofe insanların damaq zövqünü oxşayır.
Rayonun qonaqları soyuq qış aylarında buraya xüsusilə qozlu kofedən dadmaq üçün gəldiklərini deyirlər.
Göygöl rayonuna daha çox təbiəti və təmiz havası üçün gəldiyini bildirən Ramin Əliyev burada mütləq qozlu kofedən daddığını söyləyib: “Buraların təmiz havası ilə yanaşı, pürrəngi çayı, kətəsi və qozlu kofesi əvəzolunmazdır. Göygöldən başqa digər ərazilərdə qozlu kofeyə rast gəlməmişik”.
“Demək olar ki, Aşıqlı, Hacıkənd bölgəsinə tez-tez dincəlmək üçün gəlirəm. Burada yol kənarı yaxşı kətə bişirilir, qozlu kofe hazırlanır. Qiymətlər də münasibdir,” – deyə rayon sakini Şükür Qasımov bildirib.
Satıcılar hazırlanan qozlu kofenin bölgəyə xas olduğunu və hazırlanma qaydasını məxfi saxladıqlarını söyləyirlər.
“Yay fəslində olduğu kimi qışda da həm yerli sakinlər, həm də qonaqlar qozlu kofeyə böyük maraq göstərirlər. Qozlu kofenin aşağı hissəsi sadə kofedən yuxarı hissəsi isə xüsusi hazırlanan krem və qoz ləpəsindən ibarətdir. Bir fincan qozlu kofenin qiyməti 2 manat 50 qəpikdir. Gündəlik təxminən 80-100 arası qozlu kofe satırıq,” – deyə Səid Səmədli bildirib (AzərTac).