2018-ci ilin yanvar-sentyabr aylarında Gəncə əhalisinin gəlirləri 7,3 faiz çoxalıb.
FED.az xəbər verir ki, bu barədə 2018-ci ilin 9 ayında şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bildirilib.
Qeyd olunub ki, 9 ayda şəhərdə istehsal edilən ümumi məhsul buraxılışı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz artıb.
Bu dövrdə şəhərin yerli büdcəsinin gəlirləri 24 milyon 470 min manat proqnoza qarşı 26 milyon 974 min manat yerinə yetirilib. Bu, ötən ilin ilk doqquz ayı ilə müqayisədə 886 min manat çoxdur. 2018-ci ilin yanvar-sentyabr aylarında əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 13 milyon 392 min manat təşkil edib.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2011-2017-ci və 2018-ci ilin müvafiq dövrü ərzində 126 sahibkara 37 milyon 30 min manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşması ilə 720 yeni iş yerinin açılmasına şərait yaradılıb.