Bu ilin mayın 1-nə Azərbaycanda verilmiş kreditlərin orta illik faiz dərəcəsi ümumilikdə 13,54% təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın "Regionlar üzrə kredit qoyuluşu" cədvəlinə istinadən xəbər verir.
Ümumi kredit məbləği isə 28 milyard 96 milyon 517 min manatdır.
Lakin bəzi iqtisadi rayonlarda bu göstəricilər həm məbləğ, həm də faiz baxımından nəzərəçarpacaq dərəcədə fərqlənir.
Ən yüksək faiz dərəcəsinin qeydə alındığı iqtisadi rayon Dağlıq Şirvan iqtisadi rayonudur. Bu rayonda verilmiş kreditlərin ümumi məbləği 191 milyon 991 min manat, illik orta faiz dərəcəsi isə 19,59% təşkil edir. Bu, ölkə ortalamasından təqribən 6 faiz bəndi yüksəkdir. Yəni Dağlıq Şirvanda yaşayan və ya fəaliyyət göstərən borcalanlar 10 000 manatlıq kredit üçün ildə təxminən 1 959 manat faiz ödəyirlər.
Dağlıq Şirvan rayonunu faiz göstəricisinə görə Mil-Muğan iqtisadi rayonu izləyir. Bu bölgədə verilmiş kreditlərin məbləği 307 milyon 479 min manat, faiz dərəcəsi isə 19,44%-dür.
Üçüncü sırada Qarabağ iqtisadi rayonu yer tutur. Bu rayonda verilmiş kreditlərin həcmi 491 milyon 206 min manat, orta illik faiz dərəcəsi isə 19,43%-dir.
Növbəti yeri Lənkəran-Astara iqtisadi rayonu tutur. Bu bölgədə kreditlərin ümumi məbləği 668 milyon 493 min manat, faiz dərəcəsi isə 19,33%-dir.
Beşinci yerdə isə Şirvan-Salyan iqtisadi rayonu gəlir. Bu rayonda 437 milyon 270 min manat həcmində kredit verilib və faiz dərəcəsi 19,27% təşkil edir.