Regionlar üzrə kredit portfelinin həcminə görə lider iqtisadi rayonlar məlum olub.
Məlumata görə, ölkə üzrə kredit qoyuluşunun əsas hissəsi yenə də paytaxtın payına düşür. Ümumilikdə, Azərbaycan Respublikası üzrə cəmi kredit qoyuluşu 30 milyard 63 milyon 49 min manat təşkil edib ki, burada orta faiz dərəcəsi 14.08% olub.
Renkinqə Bakı iqtisadi rayonu başçılıq edir. Region üzrə kredit qoyuluşu 22 milyard 838 milyon 546 min manat təşkil edib. Paytaxtda orta kredit faizi 12.75% olmaqla ölkə üzrə ən aşağı göstəricidir.
İkinci yerdə Abşeron-Xızı iqtisadi rayonu qərarlaşıb – burada kreditlərin həcmi 1 milyard 218 milyon 93 min manat, orta faiz dərəcəsi isə 16.46% olub.
Gəncə-Daşkəsən iqtisadi rayonu 896 milyon 114 min manat (17.85%) göstərici ilə üçüncü sırada yer alıb. Lənkəran-Astara iqtisadi rayonunda isə bu rəqəm 714 milyon 333 min manat (19.63%) təşkil edərək dördüncü olub.
Siyahının ilk beşliyini Şəki-Zaqatala iqtisadi rayonu (612 milyon 772 min manat və ya 17.55%) tamamlayır.
Siyahının altıncı pilləsində Mərkəzi Aran iqtisadi rayonu yer alıb. Bu regionda kredit qoyuluşunun həcmi 602 milyon 194 min manat təşkil edib ki, burada da orta faiz dərəcəsi 19.76% səviyyəsindədir.
Renkinqin növbəti sırasında isə Qazax-Tovuz iqtisadi rayonu qərarlaşıb. Sözügedən iqtisadi rayon üzrə kredit portfeli 577 milyon 646 min manat olub, orta faiz dərəcəsi isə 19.55% olaraq qeydə alınıb.










