2024-cü ildə əvvəlki ilə nisbətən Azərbaycanda əhali tərəfindən elektrik enerjisi istehlakının artım dinamikası məlum olub.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Respublika üzrə ümumi istehlak 2023-cü ildəki 6 milyard 625,8 milyon kVt·saatdan 2024-cü ildə 7 milyard 34,2 milyon kVt·saata yüksələrək, bir il ərzində 408,4 milyon kVt·saat və ya 6,2% artıb.
Naxçıvan Muxtar Respublikasında illik artım 11,5 milyon kVt·saat və ya 8,5% təşkil edib.
İllik müqayisədə elektrik enerjisi istehlakında ən kəskin artım işğaldan azad edilmiş və yenidən qurulan ərazilərdə qeydə alınıb. Bu göstəriciyə görə lider Laçın rayonudur. Rayonda istehlak 12 dəfə artaraq 0,1 milyon kVt·saatdan 1,2 milyon kVt·saata çatıb. İkinci yerdə 5,4 dəfəlik artımla Xankəndi şəhəri qərarlaşıb. Burada istehlak 0,9 milyon kVt·saatdan 4,9 milyon kVt·saata yüksəlib.
Siyahını Şuşa rayonu (2,6 dəfə artım), Xocavənd və Cəbrayıl rayonlarının hər biri (2 dəfə artım) davam etdirir.
Digər regionlar arasında ən yüksək faizli artım Abşeron rayonunda qeydə alınıb. Rayonda istehlak 42 milyon kVt·saat artaraq 9,3%-lik yüksəliş göstərib. Paytaxt Bakı şəhərində isə istehlak 249 milyon kVt·saat artaraq 8,7%-lik artıma səbəb olub.
Yüksək artım göstərən digər ərazilər arasında Gədəbəy rayonu (7,0%), Gəncə şəhəri (6,6%) və Qusar rayonu (6,5%) da var.