Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Rayonun elektrik təsərrüfatındakı vəziyyətdən şikayətlənib.
ELƏCƏ DƏ BAX: Azərbaycanın enerji sistemi - ALMAN ŞİRKƏTİNƏ VERİLİR?
FED.az-ın məlumatına görə, Tovuz rayonunda 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Şura iclasında məruzə ilə çıxış edən M. Məmmədov deyib ki, rayonun elektrik təsərrüfatı keçən əsrin 60-70-ci illərində istismara verilib.
İcra Hakimiyyətinin başçısı qeyd edib ki, uzun illər elektrik verilişi xəttlərinin tikintisi və yenidən qurulması sahəsində yenilənmə işləri aparılmadığına görə elektrik avadanlıqları, dayaqlar, naqillər istismar müddətini başa vurub: “Yeni salınan yaşayış massivlərinin enerji təchizatı primitiv qaydada vətəndaşların özləri tərəfindən kortəbii olaraq quraşdırılıb. Dağlıq ərazilərdə vəziyyət daha ağırdır. Bəzi yerlərdə dayaqlar çürüyərək sıradan çıxmış, yüksək gərginlikli elektrik naqilləri yer səthinə yaxın səviyyəyə enıb. Bu da ətrafdakılar üçün təhlükə mənbəyidir. Elektrik təsərrüfatında müəyyən yenilənmə, təmir-bərpa işləri aparılsa da, bunlar təsərrüfatın dayanıqlı istismarı üçün yetərli deyildir. Qarşıdan gələn qış fəsli bu sahədə əsaslı dönüş yaradılmasını daha zəruri edir. Ona görə də müvafiq tədbirlər görülməli, əhalinin enerji təchizatında olan nöqsanlar aradan qaldırılmalıdır”.
Bu, təhlükə mənbəyidir – İCRA BAŞÇISI ŞİKAYƏTLƏNDİ
21:26
5 Noy 2018