Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib. Yığıncaqda rayon icra hakimiyyəti başçısı aparatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov yığıncaqda çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında verilmiş tapşırıqlardan danışıb, rayonun icra strukturlarının, idarə, müəssisə və təşkilatlarının da qarşısında bir sıra mühüm vəzifələrin olduğunu bildirib.
Sonra rayon icra hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xoşqədəm Alıyevanın məruzəsi dinlənilib. Bildirilib ki, hesabat dövründə rayon üzrə 147 yeni iş yeri açılıb. Ümumiyyətlə son 15 ildə rayon üzrə yeni yaradılan iş yerlərinin sayı 3852-yə çatıb. Doqquz ayda rayon Məşğulluq Mərkəzi tərəfindən sakinlərin məşğulluğunun artırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilib. Belə ki, cari ilin 9 ayı ərzində 443 vətəndaş mərkəzdə işaxtaran kimi qeydiyyata alınıb. Bunlardan 166 nəfər işlə təmin edilib, 73 nəfərə isə işsizlik statusu verilərək müavinət təyin olunub.
Qubadlılıların məskunlaşma yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər davam etdirilib. Rayon icra hakimiyyəti başçısının Sabirabad, Saatlı, İmişli rayonlarında və digər yerlərdə keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müəyyən işlər görülüb. Xızı rayon Sitalçay qəsəbəsində məcburi köçkünlərin yaşadıqları ərazidə yaranmış içməli su problemi aradan qaldırılıb, 3200 kvadratmetr yola asfalt örtüyü çəkilib. Bundan əlavə, Sumqayıt şəhəri BTZ bağları yaşayış massivində Çardaxlı kənd tam orta məktəbinə gedən 5200 kvadratmetr yola, 9-cu mikrorayonda 29 və 30 saylı binaların həyətinə 1500 kvadratmetr asfalt örtüyü vurulub. Betonzavod ərazisində piyada keçidi quraşdırılıb. Fərdi evlərin tikintisi üçün rayon icra hakimiyyətinin köməyi ilə 14 məcburi köçkün ailəsinə icazələr alınıb.
Hazırda məskunlaşma yerlərində işlər davam etdirilir. Belə ki, Xızı rayonunun Sitalçay qəsəbəsində məskunlaşan məcburi köçkünlər üçün suvarma kanalı, Sumqayıt şəhər “Yaşıl dərə” yaşayış massivində isə 3400 kvadratmetr asfalt örtüyü çəkilir. 47-ci məhəllədə bəzi evlərin dam örtüklərinin vurulması nəzərdə tutulur.
Bildirilib ki, doqquz ayda yerli gəlirlərin proqnoz məbləği 1 milyon 544 min 754 manat, yerli xərclər proqnozu isə 1 milyon 508 min 363 manat olub. Yerli gəlirlərdən daxil olma 1,2 dəfə çox, yerli xərclər isə 89,4 faiz icra edilib.
Cari ilin 9 ayında kənd təsərrüfatı sahəsində də müəyyən işlər görülüb. Rayonda baramaçılığı inkişaf etdirmək üçün Füzuli və Sabirabad ərazilərində əkilmiş 7 min 500 ədəd tut tinginə aqrotexniki qaydada qulluq edilib. Kümçülər 578 kiloqram yüksək keyfiyyətli barama istehsal edərək, respublika üzrə birinci olaraq planı artıqlaması ilə yerinə yetiriblər.
Rayon təhsilindən danışılarkən qeyd olunub ki, hesabat dövründə Qubadlı məktəblərini bitirən məzunlardan 390 nəfəri (85,5 faiz) ali məktəblərə sənəd verib, onlardan 285 nəfəri (73 faiz) tələbə adını qazanıb. Qəbul olunanlardan 48 nəfər 500-600, 27 nəfər 600-700 arası bal toplayıb. Bir məzun isə 695 bal toplayaraq Prezident təqaüdünə layiq görülüb.
Sonra Vergilər şöbəsinin rəisi Əhliman Qasımov, Rayon Rabitə Qovşağının rəisi Yusif Quliyev çıxış edib, görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açıblar.
Yığıncağa yekun vuran rayon icra hakimiyyətinin başçısı Malik İsaqov bildirib ki, qubadlılılar Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsinə səylə çalışacaqlar.