2025-ci ilin yanvar-sentyabr aylarının yekunlarına əsasən, Azərbaycanın regionlarında yeni açılan iş yerlərinin illik artım dinamikası açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə ölkə üzrə yeni iş yerlərinin sayı 11,6% artsa da, bəzi rayonlarda bu göstərici dəfələrlə yüksək olub.
Renkinqə Zaqatala rayonu başçılıq edir. Rayonda yeni açılan iş yerlərinin sayı ötən illə müqayisədə rekord həddə – 37,5 dəfə artaraq 24-dən 901-ə yüksəlib.
İkinci yerdə Bərdə rayonu qərarlaşıb. Burada artım 5,2 dəfə təşkil edib. İş yerlərinin sayı 54-dən 281-ə çatıb.
Qusar rayonu 4,6 dəfə artım tempi ilə üçüncü sırada yer alıb (say 119-dan 543-ə yüksəlib). Şamaxı rayonunda isə artım 4,1 dəfə olub (30-dan 124-ə) və dördüncü olub.
Digər rayonlardakı artım göstəriciləri aşağıdakı kimidir:
Kürdəmir rayonunda (315 yeni iş yeri) və Ağdərə rayonunda (32 yeni iş yeri) iş yerlərinin sayı 3,6 dəfə artıb.
Hacıqabul rayonunda 3,2 dəfə (86 iş yeri) artım qeydə alınıb. Tərtər və Balakən rayonlarında isə göstəricilər 3,1 dəfə artıb. Yeni iş yerlərinin sayı müvafiq olaraq 500 və 225 təşkil edib.
Oğuz və Ağsu rayonlarında 2,9 dəfə artım müşahidə olunub.
Xankəndi şəhərində iş yerlərinin sayı 2,5 dəfə artaraq 516-ya çatıb. Mütləq sayda ən yüksək göstəriciyə malik Abşeron rayonunda isə artım 2,3 dəfə olub (3 min 684 iş yeri).
Siyahını Qobustan rayonu (2,2 dəfə artım) və Cəbrayıl rayonu (2,1 dəfə artım) tamamlayır.










