Bu ilin sentyabrın 1-nə bəzi regionlar xarici valyutada ən sərfəli şərtlərlə kredit cəlb etdiyi halda, bəzilərinə ya çox az, ya da ümumiyyətlə valyuta ilə kredit verilməyib.
FED.az Azərbaycan Mərkəzi Bankının xarici valyutada kreditləşmə ilə bağlı son statistikasına istinadən xəbər verir ki, xarici valyutada kreditlər üzrə ən aşağı orta faiz dərəcəsi Gəncə-Daşkəsən iqtisadi rayonunda (5,21%) qeydə alınıb.
Siyahıda sonrakı yerləri Qarabağ (5,55%), Şərqi Zəngəzur (5,77%) və Bakı (5,82%) tutur. Şirvan-Salyan rayonunda isə 13,3 milyonluq kreditə 0% dərəcə tətbiq olunması diqqət çəkir.
Kreditləşmənin həcminə görə isə ən aşağı göstərici Mil-Muğan iqtisadi rayonundadır (cəmi 82 min). Bu göstəriciyə görə sonrakı yerləri Naxçıvan (277 min), Dağlıq Şirvan (685 min) və Lənkəran-Astara (798 min) tutur.
Qısamüddətli kreditlər: Abşeronda faizlər ən aşağıdır
Bu kateqoriya üzrə ən aşağı faiz dərəcəsi Abşeron-Xızı iqtisadi rayonunda (2,32%) müşahidə olunub. Ondan sonrakı yerlərdə Naxçıvan (3,76%) və Şərqi Zəngəzur (5,77%) gəlir. Dağlıq Şirvan və Qarabağ rayonlarına isə bu kateqoriyada ümumiyyətlə kredit verilməyib.
Kredit portfelinin əsasını təşkil edən uzunmüddətli kreditlər üzrə ən sərfəli şərtlər Gəncə-Daşkəsən (5,05%) və Qarabağ (5,55%) iqtisadi rayonlarında təklif olunur. Mil-Muğan və Şərqi Zəngəzur rayonlarına isə bu kateqoriyada ümumiyyətlə kredit ayrılmayıb. Şirvan-Salyan rayonunda isə 13,3 milyonluq uzunmüddətli kredit 0% dərəcəsi ilə verilib.