Azərbaycanda banklar tərəfindən sərbəst dönərli (xarici) valyutada verilən kreditlərin regionlar üzrə bölgüsü məlum olub. Məlumatlar bu növ kreditləşmənin demək olar ki, tamamilə paytaxtda cəmləşdiyini göstərir.
FED.az Azərbaycan Mərkəzi Bnakına istinadən xəbər verir ki, respublika üzrə xarici valyutada olan ümumi kredit portfeli 3 milyard 989,9 milyon manat təşkil edib. Bu kreditlərin mütləq əksəriyyəti – 3 milyard 860,5 milyon manatı, yəni təxminən 97%-i Bakı şəhərinin payına düşür.
Paytaxtdan sonra ən böyük xarici valyuta kredit portfelinə malik region sənaye şəhəri olan Sumqayıtdır. Lakin burada portfelin həcmi cəmi 33,1 milyon manatdır. Üçüncü yerdə 27,6 milyon manatla Zaqatala rayonu, dördüncü yerdə isə 16,5 milyon manatla Gəncə şəhəri qərarlaşıb.
Siyahıda növbəti yerləri Şirvan şəhəri (13,1 milyon manat), Xaçmaz rayonu (11,3 milyon manat) və işğaldan azad edilmiş ərazilər arasında diqqət çəkən Kəlbəcər rayonu (8,9 milyon manat) tutur.
Reytinqin davamında Qəbələ (5 milyon manat), Ağdaş (3,2 milyon manat), Tovuz və Qazax (hər biri 2,1 milyon manat) rayonları yer alıb. Maraqlıdır ki, ölkənin ən böyük və iqtisadi cəhətdən aktiv ərazilərindən olan Abşeron rayonu cəmi 1,8 milyon manatla digər rayonlardan sonra qərarlaşıb.