2025-ci ilin ilk doqquz ayının yekunlarına əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə orta aylıq nominal əməkhaqqının 2024-cü ilin müvafiq dövrü ilə müqayisəli dinamikası açıqlanıb.
FED.az xəbər verir ki, bu ilin oktyabrın 1-nə olan vəziyyətə görə Azərbaycan üzrə orta aylıq nominal əməkhaqqı 94,7 manat və ya 9,5% artaraq 993 manatdan 1087,7 manata yüksəlib.
Renkinqə orta aylıq nominal əməkhaqqının illik faiz artımına görə ən yüksək dinamika ilə 34,9% (və ya 265,2 manat) artımla Xocalı rayonu başçılıq edir. Belə ki, Xocalı rayonunda əməkhaqqı 760,5 manatdan 1025,7 manata yüksəlib.
İkinci yerdə Daşkəsən rayonu qərarlaşıb ki, burada əməkhaqqı 23,1% (və ya 239 manat) artaraq 1032,8 manatdan 1271,8 manata çatıb.
Kürdəmir rayonu 21,6% (və ya 127,4 manat) artımla üçüncü, Ağdaş rayonu isə 18,6% (və ya 106,2 manat) artımla dördüncü olub.
Digər iqtisadi rayonlar və inzibati ərazi vahidləri arasında Qəbələ rayonu (18,3% və ya 124,3 manat artım), Kəlbəcər rayonu (16,4% və ya 102,7 manat artım), Salyan rayonu (16,2% və ya 107 manat artım), Füzuli rayonu (15,9% və ya 96,4 manat artım), İsmayıllı rayonu (15,4% və ya 91,9 manat artım) və Mingəçevir şəhəri (14,2% və ya 89,8 manat artım) qeydə alınıb.
Bununla yanaşı hesabat dövründə müəyyən ərazilərdə orta aylıq nominal əməkhaqqında azalmalar müşahidə olunub.
Renkinqə orta aylıq nominal əməkhaqqının ən çox faiz azalması ilə -15,5% (və ya -274,5 manat) azalışla Xankəndi şəhəri başçılıq edir. Belə ki, Xankəndi şəhərində əməkhaqqı 2024-cü ildə 1771,4 manat təşkil edirdisə 2025-ci ildə bu rəqəm 1496,9 manata enib.
İkinci yerdə Ordubad rayonu qərarlaşıb ki, burada əməkhaqqı -0,1% (və ya -0,7 manat) azalaraq 2024-cü ildə 702 manatdan 2025-ci ildə 701,3 manata düşüb.










