Azərbaycanda vaxtı keçmiş kreditlərin regionlar üzrə bölgüsü məlum olub.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ümumilikdə, respublika üzrə bu göstərici 483,3 milyon manat təşkil edib ki, bunun da böyük əksəriyyəti paytaxt Bakının payına düşür.
Bakı şəhəri 373,5 milyon manatlıq vaxtı keçmiş kredit həcmi ilə digər bütün regionları böyük fərqlə geridə qoyur. Bu, ölkədəki ümumi problemli kreditlərin təxminən 77%-i deməkdir.
Paytaxtdan sonra ikinci yerdə sənaye şəhəri olan Sumqayıt qərarlaşıb ki, burada vaxtı keçmiş kreditlərin həcmi 16 milyon manatdır. Ölkənin ikinci böyük şəhəri olan Gəncə isə 13,2 milyon manatlıq göstərici ilə üçüncü pillədədir.
Reytinqdə növbəti yerləri Abşeron rayonu (8,8 milyon manat), Şəmkir rayonu (5,1 milyon manat), Neftçala rayonu (4,8 milyon manat), Xaçmaz rayonu (4,5 milyon manat) və Zaqatala rayonu (4,1 milyon manat) tutur.
Vaxtı keçmiş kreditlərin məbləği Naxçıvan şəhərində 3,9 milyon manat, Tovuz və Lənkəran rayonlarının hər birində isə 3 milyon manat təşkil edib. Siyahıda həmçinin Yevlax, Bərdə və Salyan rayonları (hər biri 2,9 milyon manat), Şirvan şəhəri (2,7 milyon manat) və Mingəçevir şəhəri (2,5 milyon manat) də yer alıb.