Bu ilin oktyabrın 1-nə olan vəziyyətlə bağlı açıqlanan rəsmi statistika Azərbaycanın kredit bazarının digər üzünü – ən sərfəli şərtlərin və ən az kreditləşmənin olduğu regionları ortaya çıxarıb.
FED.az xəbər verir ki, ölkə üzrə 29,3 milyard manatlıq kredit portfelinin bölgüsü maraqlı məqamları üzə çıxarıb.
Ən sərfəli kreditlər üzrə mütləq lider Bakı iqtisadi rayonudur. Paytaxtda orta faiz dərəcəsi cəmi 12,62% təşkil edir. Lakin ən maraqlı göstərici ikinci yerdə qərarlaşan Şərqi Zəngəzur iqtisadi rayonuna aiddir. Bu rayonda orta faiz dərəcəsi 14,15% ilə ölkə üzrə ən aşağı göstəricilərdən biri olsa da, rayona cəmi 22,3 milyon manat kredit ayrılıb. Ən ucuz kreditlər təklif edən digər regionlar isə Naxçıvan (15,25%), Abşeron-Xızı (16,42%) və Şəki-Zaqatala (17,22%) iqtisadi rayonlarıdır.
Kredit həcminin azlığına görə də Şərqi Zəngəzur iqtisadi rayonu birincidir. Bu rayondan sonra ən az kredit Dağlıq Şirvan (202,6 milyon manat), Mil-Muğan (327,8 milyon manat), Şirvan-Salyan (464,9 milyon manat) və Naxçıvan (492,2 milyon manat) iqtisadi rayonlarına verilib.
Nəticələr göstərir ki, Bakı həm ən çox, həm də ən ucuz kreditlərin mərkəzidir. Şərqi Zəngəzur isə kredit cəlbinin çox aşağı səviyyədə olmasına baxmayaraq, təklif olunan faizlərin sərfəliliyi ilə seçilir ki, bu da gələcəkdə regionda kreditləşmənin inkişafı üçün potensialın olduğunu göstərir.


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








