Azərbaycanda iqtisadi rayonlar üzrə kredit qoyuluşlarının həcmi və orta faiz dərəcələri ilə bağlı son göstəricilər regionlar arasındakı maliyyə fərqlərini ortaya qoyub.
FED az Mərkəzi Banka istinadən xəbər verir ki, Respublika üzrə ümumi kredit portfeli təxminən 28,5 milyard manat, orta faiz dərəcəsi isə 13,88% olsa da, bəzi rayonlar bu göstəricilərdən əhəmiyyətli dərəcədə geri qalır.
Kredit qoyuluşlarının həcminə görə bəzi iqtisadi rayonlar digərlərindən əhəmiyyətli dərəcədə geri qalır. Siyahıda ən az kredit həcmi 12 milyon 933 min manatla Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb. Bu göstəriciyə görə ondan sonrakı yerlərdə Dağlıq Şirvan (197 milyon 759 min manat), Mil-Muğan (312 milyon 547 min manat), Şirvan-Salyan (453 milyon 858 min manat) və Naxçıvan (467 milyon 443 min manat) iqtisadi rayonları qərarlaşıb.
Ən aşağı faiz dərəcəsi olan 5 iqtisadi rayon
Kreditlərin faiz dərəcələrinə görə isə ən əlverişli şərtlər, gözlənildiyi kimi, iri iqtisadi mərkəzlərdə cəmləşib. Respublika üzrə ən aşağı orta faiz dərəcəsi 12,53% ilə Bakı iqtisadi rayonunda qeydə alınıb. Paytaxtdan sonra ən ucuz kreditlər Naxçıvan iqtisadi rayonunda təklif olunur ki, burada orta dərəcə 15,14% təşkil edir. Siyahının davamında Abşeron-Xızı (16,41%), Gəncə-Daşkəsən (17,57%) və Şəki-Zaqatala (17,77%) iqtisadi rayonları yer alıb.