Bu ilin oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda bankların iqtisadi rayonlara ayırdığı kreditlərin ümumi həcmi 29,3 milyard manata çatıb.
FED.az Mərkəzi Bankın açıqladığı rəsmi statistikaya istinadən xəbər verir ki, kredit bazarında dərin regional fərqlər olduğunu göstərir: kreditlərin mütləq əksəriyyəti paytaxtda cəmləşdiyi halda, ən yüksək faizlər regionlarda qeydə alınıb.
Ölkə üzrə orta faiz dərəcəsi 13,96% olsa da, bəzi regionlarda bu göstərici 20%-ə yaxınlaşır. Ən bahalı kreditlər Dağlıq Şirvan iqtisadi rayonunda təklif olunur, burada orta faiz dərəcəsi 19,95% təşkil edir. Yüksək faizlər üzrə siyahını Mil-Muğan (19,82%), Lənkəran-Astara (19,67%), Qarabağ (19,66%) və Şirvan-Salyan (19,62%) iqtisadi rayonları davam etdirir.
Kreditləşmənin həcminə gəldikdə isə mənzərə tamamilə fərqlidir. Ümumi portfelin 76%-i, yəni 22,2 milyard manatı təkbaşına Bakı iqtisadi rayonunun payına düşür. Maraqlıdır ki, ən çox kreditin verildiyi paytaxtda orta faiz dərəcəsi ölkə üzrə ən aşağı göstəricidir – cəmi 12,62%. Paytaxtdan sonra ən çox kredit cəlb edən regionlar Abşeron-Xızı (1,18 milyard manat) və Gəncə-Daşkəsən (875 milyon manat) olub.


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








