Azərbaycanda iqtisadi rayonlar üzrə kredit qoyuluşlarının həcmi və orta faiz dərəcələri ilə bağlı son göstəricilər açıqlanıb.
Məlumata görə, respublika üzrə ümumi kredit portfeli 28 milyard 498 milyon 184 min manat təşkil edib, orta faiz dərəcəsi isə 13,88% olub.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, kreditlərin həcminə görə Bakı iqtisadi rayonu digər bütün rayonları böyük fərqlə geridə qoyur.
Ppaytaxtda ümumilikdə 21 milyard 742 milyon manat həcmində kredit cəmləşib. Paytaxtdan sonra ikinci yerdə 1 milyard 152 milyon manatla Abşeron-Xızı iqtisadi rayonu qərarlaşıb.
Siyahını Gəncə-Daşkəsən (849 milyon 575 min manat), Lənkəran-Astara (671 milyon 652 min manat) və Mərkəzi Aran (580 milyon 224 min manat) iqtisadi rayonları davam etdirir.
Kreditlərin həcmi paytaxtda cəmləşsə də, ən yüksək faiz dərəcələri regionlarda müşahidə olunur. Ən "bahalı" kreditlər 19,85% orta dərəcə ilə Mil-Muğan iqtisadi rayonunda qeydə alınıb
Bu göstəriciyə görə Dağlıq Şirvan (19,83%), Qarabağ (19,60%), Lənkəran-Astara (19,57%) və Şirvan-Salyan (19,48%) iqtisadi rayonları da liderlər sırasındadır.
Maraqlıdır ki, ən çox kreditin verildiyi Bakı iqtisadi rayonu, eyni zamanda 12,53% ilə ən aşağı faiz dərəcəsinə malik olan regiondur.