Azərbaycanda ən ucuz kreditlərin verildiyi regionlar açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ölkə üzrə kreditlər üzrə ən aşağı faiz dərəcələri paytaxt Bakıda və işğaldan azad edilmiş Şərqi Zəngəzurda qeydə alınıb.
Siyahıya (ən ucuz kreditlər üzrə) Bakı iqtisadi rayonu başçılıq edir. Paytaxtda kreditlər üzrə orta faiz dərəcəsi 12,75% təşkil edir. Bu, ölkə üzrə ən aşağı göstəricidir. Bakıda kredit qoyuluşunun ümumi həcmi isə 22 milyard 838 milyon 546 min manat olub.
İkinci yerdə Şərqi Zəngəzur iqtisadi rayonu qərarlaşıb. Bu regionda kreditlər orta hesabla 14,42% dərəcəsi ilə verilir. Regionun kredit portfeli 26 milyon 516 min manat təşkil edib.
Naxçıvan iqtisadi rayonu 15,20% faiz dərəcəsi ilə ən ucuz kreditlərin verildiyi üçüncü region olub. Burada kredit qoyuluşunun həcmi 495 milyon 316 min manat olub.
Dördüncü sırada Abşeron-Xızı iqtisadi rayonu dayanır – burada orta faiz dərəcəsi 16,46%, kredit portfeli isə 1 milyard 218 milyon 93 min manat təşkil edib.
Siyahının beşinci pilləsində Şəki-Zaqatala iqtisadi rayonu (17,55%) qərarlaşıb. Bu bölgədə kredit qoyuluşunun həcmi 612 milyon 772 min manat olub.
Altıncı yerdə Gəncə-Daşkəsən iqtisadi rayonu gəlir. Bu regionda orta faiz dərəcəsi 17,85%, kreditlərin ümumi məbləği isə 896 milyon 114 min manat təşkil edib.
Yeddinci sırada isə Quba-Xaçmaz iqtisadi rayonu (17,93%) yer alıb. Burada kredit portfelinin həcmi 523 milyon 303 min manat olub.










