2024-cü ilin sonuna olan məlumata əsasən, Azərbaycanda sərnişin avtobuslarının sayına görə şəhər və rayonların reytinqi müəyyənləşib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, respublika üzrə ümumilikdə 32,107 sərnişin avtobusu mövcuddur. Bu avtobusların demək olar ki, yarısı paytaxtın payına düşür.
Bakı şəhəri 15,820 sərnişin avtobusu ilə siyahıya mütləq liderlik edir. Paytaxtdan sonra ikinci yerdə 1,723 avtobusla Sumqayıt şəhəri, üçüncü yerdə isə 1,257 avtobusla Gəncə şəhəri qərarlaşıb.
Siyahıda 400-dən çox avtobusa sahib olan digər şəhər və rayonlar da yer alıb. Belə ki, Şəki rayonunda 523, Lənkəran rayonunda 450, Ağdam rayonunda 439, Xaçmaz rayonunda 424, Abşeron və Şəmkir rayonlarının hər birində isə 415 sərnişin avtobusu var.
Avtobus sayının 300-dən çox olduğu digər ərazilər arasında Tovuz rayonu (395), Şirvan şəhəri (394), Mingəçevir şəhəri (377), Qusar rayonu (349), Quba rayonu (343), Salyan rayonu (313), Bərdə rayonu (305) və Yevlax rayonu (302) yer alır.
Bununla yanaşı ötən ilin sonuna əsasən, Azərbaycanda sərnişin avtobuslarının sayı ən az olan şəhər və rayonlar da müəyyən edilib.
Siyahıda sonuncu yerdə cəmi 16 sərnişin avtobusu ilə Naftalan şəhəri qərarlaşıb.
Ən az sərnişin avtobusuna sahib olan digər rayonlar sırasında Yardımlı (35 ədəd), Xocavənd (36 ədəd), Qobustan və Xocalı (hər biri 47 ədəd) və Xızı (49 ədəd) rayonları yer alır.
Avtobus parkı 100-dən az olan digər rayonlar arasında Zərdab (56), Şuşa (71), Lerik və Ucar (hər biri 72), Zəngilan (74), Qax (75), İsmayıllı (90), Saatlı (92) və Beyləqan (96) rayonları da var.