Bu ilin ilk 10 ayında (yanvar-oktyabr) Azərbaycana 31 milyon 417 min dollar dəyərində 288 min 831 baş diri qoyun idxal edilib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, diri qoyun idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 16,5 milyon dollar və ya 2,1 dəfə, miqdar ifadəsilə isə 133 min 462 baş, başqa sözlə 85,9% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 14 milyon 906 min dollar dəyərində 155 min 369 baş diri qoyun idxal olunmuşdu.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycana idxal edilən bir baş qoyunun orta idxal qiyməti 108,8 dollar (təxminən 185 manat) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 95,9 dollar (təxminən 163 manat) idi. Bu da illik müqayisədə 12,9 dollar (22 manat) və ya 13,4% bahalaşma deməkdir.
Hesabat dövründə diri qoyun idxalı cəmi iki ölkədən – Gürcüstan və Rusiyadan həyata keçirilib. Gürcüstandan 16,5 milyon dollarlıq 160 min baş, Rusiyadan isə 14,9 milyon dollarlıq 128,6 min baş qoyun alınıb.
Ötən illə müqayisədə Gürcüstandan idxal miqdarca 14,4%, dəyərcə 22,5% artıb. Rusiyadan idxal isə kəskin şəkildə çoxalıb - miqdarca 10,9 dəfə, dəyərcə isə 12,3 dəfə artım qeydə alınıb. Qeyd edək ki, ötən il idxalçılar arasında Qazaxıstan da olsa da (3450 baş), bu il həmin ölkədən diri qoyun idxal edilməyib.










