2024-cü ilin yekunlarına əsasən, Azərbaycanda əhali tərəfindən adambaşına düşən elektrik enerjisi istehlakının həcmi məlum olub.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə üzrə bu göstərici orta hesabla 688 kVt/saat təşkil etsə də, paytaxt və bəzi regionlar arasında kəskin fərqlər müşahidə olunur.
Adambaşına düşən enerji istehlakına görə Bakı şəhəri mütləq liderdir. Paytaxtda hər bir sakinin payına il ərzində orta hesabla 1328 kVt/saat elektrik enerjisi düşür ki, bu da ölkə ortalamasından təxminən iki dəfə çoxdur.
Siyahıda ikinci yerdə paytaxta yaxın olan Abşeron rayonu qərarlaşıb. Burada hər bir sakinə orta hesabla 1140 kVt/saat elektrik enerjisi düşür.
İlk iki pillədən sonra gələn rayonlarda istehlak həcmi nisbətən aşağı olsa da, yenə də ölkə ortalamasını üstələyir. Belə ki, reytinqdə növbəti yerdə Ağcabədi rayonu qərarlaşıb ki, burada adambaşına düşən istehlak 794 kVt/saat təşkil edib.
Bərdə rayonunda bu göstərici 712 kVt/saat, sənaye şəhəri olan Mingəçevirdə isə 673 kVt/saat olub.












