Xankəndi, Ağdərə, Xocalıya 439 sahibkarlıq subyekti tərəfindən 30 milyon manatlıq investisiya qoyulub.
Qarabağ və Şərqi Zəngəzur üzrə növbəti illərdə görüləcək işlər məlum olub
FED.az xəbər verir ki, bunu Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Qarabağ Universitetində diplomatik korpus nümayəndələrinin Xankəndiyə səfəri çərçivəsində çıxışı zamanı deyib.
E.Yusubov bildirib ki, hazırda yerli və xarici investorlar üçün münbit şərait yaradılır: "Bu ərazilərdə 3 mindən artıq şəxs il sonuna kimi işlə təmin olunacaq".
Xüsusi nümayəndə əlavə edib ki, eyni zamanda, Xankəndi Hava Limanının inşası davam edir: "Həmçinin, burada yeni müasir avtomobil, dəmiryolu çəkilir, müasir SES istismara verilir, yaşıl enerji prinsipi əsas götürülərək alternativ enerjidən istifadə genişləndirilir, işğal dövründə qırılmış meşələrin bərpası istiqamətində işlər aparılır".
O qeyd edib ki, Xankəndinin yeni baş planı da hazırlanır: "Bu ərazilərdə müasir infrastruktur işləri həyata keçiriləcək. Minatəmizləmə işləri də sürətlə sistemli şəkildə davam etdirilir. İşğal dövründə dağıdılmış kəndlərimiz bərpa olunur. Xankəndi, Ağdərə və Xocalıda 7 yaşayış məntəqəsində 12 min insanın məskunlaşması təmin edilib. Ballıca kəndinə 136 ailə, Ağdərə rayonunun Həsənriz kəndinə 70 ailə olmaqla 238 sakin, Suqovuşan kəndinə 180 ailə olmaqla 592 sakin köçürülüb. 2025-ci ilin sonuna kimi tam bərpası və əhalinin köçürülməsi nəzərdə tutulan 24 kəndin 8-də layihələndirmə, 16-da bərpa-quruculuq işləri həyata keçirilir". (Report)