Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “ağıllı şəhər" və "ağıllı kənd” konsepsiyaları əsasında yaşayış və qeyri-yaşayış komplekslərinin inşası davam etdiriləcək.
Maliyyə Nazirliyindən FED.az-a verilən məlumata görə, bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək və turizm infrastrukturu bərpa olunacaq.
Bildirilir ki, bununla yanaşı, bölgənin tranzit potensialından faydalanmaq üçün qabaqcıl infrastrukturun qurulması, “ağıllı” biznes modellərinin yaradılması və səmərəli bərpa olunan enerji mənbələrindən istifadə genişləndirilməklə “yaşıl enerji zonası” konsepsiyasının tətbiqi nəzərdə tutulur. Qeyd olunur ki, kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sisteminin qurulması da nəzərdə tutulan tədbirlər sırasındadır.
“Bölgənin ölkə iqtisadiyyatının tərkibinə reinteqrasiyası məqsədilə ixracyönümlü dəyər zənciri qurulacaq və dayanıqlı iş yerləri yaradılacaqdır. Faydalı qazıntı və mineral xammal mənbələri nəzərə alınmaqla iqtisadi fəaliyyətdə dəyər zənciri üzrə ixtisaslaşma təşviq ediləcək və mədənçıxarma sahəsində təbii ehtiyatlar dövlət-özəl tərəfdaşlığı çərçivəsində dövriyyəyə cəlb olunacaqdır. Rəqabətqabiliyyətli, qabaqcıl infrastrukturla təmin edilmiş aqrar istehsal və aqrar emal formalaşdırılacaqdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında turizm biznesi üçün cəlbedici, turistlər üçün əlçatan, unikal, keyfiyyətli və qiymət rəqabətli turizm xidmətləri təklif edən turizm destinasiyası olacaq», - məlumatda vurğulanıb.
“İlkin mərhələdə, bərpa və quruculuq prosesinə paralel olaraq özəl layihələr dəstəklənməklə ticarət-xidmət-logistika mərkəzləri şəklində iqtisadi zonalar, müasir istehsal infrastrukturu olan sənaye parkları və məhəllələri yaradılacaq. İqtisadiyyatın sürətli bərpası və dayanıqlı inkişafı, o cümlədən rəqabətli istehsal və emal sahələrinin fəaliyyəti müasir infrastrukturla dəstəklənəcək. Prioritet sahələrdə sahibkarlara geniş çeşidli stimullar veriləcək, vergi-gömrük azadolmaları və güzəştli maliyyələşmə alətləri geniş tətbiq olunacaq, kreditlərin və investisiyaların sığortalanması mexanizmi yaradılacaq. Nəticədə ümumi məhsul buraxılışında, ixracda və məşğulluqda işğaldan azad edilmiş ərazilərin payı davamlı artacaq”, - deyə məlumatda qeyd olunub.