Artıq 2-ci sutkadır cəmiyyətimiz Qarabağ savaşının növbəti mərhələsinin yekunu olan üçtərəfli razılaşmanın mahiyyətini və onun törədəcəyi fəsadları aydınlaşdırmağa çalışır. Əsas müzakirələr razılaşmanın narahatedici məqamları üzərində gedir. Belə narahatçılıq başadüşüləndir.
Eləcə də bax: Qarabağla bağlı hələ açıq qalan - 40 VACİB SUAL – NƏ, NECƏ OLACAQ? - SİYAHI
FED.az xəbər verir ki, iqtisadçı Samir Əliyev bildirir ki, zaman keçdikcə sənəddəki müddəalar altında yatan niyyətlər daha da aydınlaşacaq. Sənədə siyasi, hüquqi və təhlükəsizlik nöqteyi nəzərindən kifayət qədər rəylər verilir. Bu rəylərin hansını real, hansının qeyri-real olacağını zaman göstərəcək. "Məni maraqlandıran isə məsələnin həm də iqtisadi tərəfidir", - deyən S.Əliyev aşağıdakıları qeyd edib:
1) İlk növbədə Rusiya sülhməramlı qüvvələrinin nəzarət etdiyi əraziyə (RSQNƏ) Azərbaycan dövlətinin münasibəti necə olacaq? Əlbəttə statusu nəzərdə tutmuram, bu məsələ açıq qalıb. Dövlət haqlı olaraq Dağlıq Qarabağ və ətraf rayonları işğal olunmuş ərazi elan edərək həmin ərazilərdə aparılan istənilən fəaliyyətləri, o cümlədən iqtisadi fəaliyyətləri qanunsuz hesab edib. Azad olunmuş ərazilərdə bizim qanunlar işləyəcək, bəs digər ərazilərin taleyi necə olacaq? Çünki Azərbaycan hökumətinin işğal altından qalan əraziyə münasibəti iqtisadi fəaliyyət üçün çox vacibdir. Xankəndidə biznes quran xarici şirkət yenə XİN-in qara siyahısına düşəcək?
2) RSQNƏ-də hansı valyuta işləyəcək?Milli valyuta müstəqilliyin atributlarından biridir. Azərbaycan qanunvericiliyinə görə, manat ölkədə yeganə ödəniş vasitəsidir və digər valyutanın bu məqsədlə istifadəsi qadağandır. İndiki halda ərazidə hansı valyuta işləyəcək? Ermənistan dramı, Rusiya rublu yoxsa ABŞ dolları?
3) RSQNƏ-də bank sistemi necə işləyəcək? Hansı ölkənin bankı fəaliyyət göstərəcək? Ərazidə pul-kredit siyasətini kim müəyyənləşdirəcək? Azərbaycanın yoxsa Ermənistanın Mərkəzi bankı? Azərbaycan banklarının çıxışı olacaqmı? Axı orada yaşayanların bank xidmətlərinı çıxışı olmalıdır
4) RSQNƏ-də vergi və dövlət rüsumlarının yığımı necə tənzimləcək? Biznesdən, maaşdan yığılan vergilər və sosial ödənişlər, xidmətlərdən əldə olunan rüsumlar hansı dövlətin büdcəsinə ödəniləcək?
5) Azərbaycan biznesi RSQNƏ-ə daxil ola biləcəkmi?
Suallar çoxdur. Əlbəttə bu sualların əksəriyyəti, bəlkə də hamısı ritorikdir, onların cavabarını özümüz də bilirik. Cavabların hamısının mənfi olması da təəccüblü deyil. Sadəcə bu sualları qaldırmaqda məqsəd hökumətin diqqətini həm də bu məsələyə yönəltməkdir. (Ena)