Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Qarabağ ətrafında mövcud vəziyyətə münasibət bildirib.
FED.az xəbər verir ki, Ohanyan “168 Saat” qəzetinə açıqlamasında Qarabağda atəşkəs barədə qərarın doğru olduğunu bildirib.
Eləcə də bax: «Döyüşlər dayanmasaydı, Stapanakerti və Qarabağı tam itirəcəkdik»
“Ermənistan və Qarabağ ətrafında kifayət qədər mürəkkəb bir hərbi-siyasi vəziyyət yarandı və Silahlı Qüvvələrin rəhbərliyinin təklifi ilə müharibənin dayandırılması həmin an doğru qərar idi”,- deyə Ohanyan qeyd edib.
Onun fikrincə, Qarabağla bağlı üçtərəfli bəyanata görə məsuliyyəti Ermənistanın hazırkı rəhbərliyi daşımalıdır.
17 partiyanın təşkil etdiyi etiraz aksiyasına münasibət bildirən Ohanyan “xalq izahat tələb edir və mövcud hakimiyyət buna cavab verməlidir”,- deyə bildirib.
Qeyd edək ki, S. Ohanyan və oğlunun Qarabağda gedən şiddətli döyüşlərin gedişində ağır yaralandığına dair məlumat yayılmışdı. Ötən gün isə onun Allmaniyaya getdiyi bildirilirdi.
Xatırladaq ki, keçmiş nazir Ermənistanda 1-2 mart 2008-ci il hadisələri ilə bağlı ittiham olunur. Ohanyana qarşı qabaqlayıcı tədbir olaraq ölkədən xaricə çıxmamaq öhdəliyi qoyulub.
Ohanyan bir zamanlar Ermənistan rəhbərliyində təmsil olunmuş və hazırda da təmsil olunan bəzi şəxslər kimi Xocalı faciəsinin təşkilatçılarından, qətliam qatillərindən biridir. O, habelə digər hərbi cinayətlər törədib. (Qafqazinfo)