Naxçıvan Muxtar Respublikasından köçüb Bakı, Sumqayıt və digər yerlərdə yaşayan vətəndaşlar ölkə başçısına müraciət edərək kömək istəyiblər.
Eləcə də bax: Bakı-Naxçıvan biletinin qiyməti bahalaşdı - SON QİYMƏT
FED.az xəbər verir ki, müraciətə imza atan naxçıvanlılar Bakıdan Naxçıvana olan təyyarə biletlərinin qiymətinin aşağı salınmasını xahiş ediblər.
Müraciətdə deyilir:
“Hörmətli, Cənab Prezident!
Öncə Sizə – Müzəffər Ali Baş Komandana vətən torpaqlarını işğaldan azad etdiyiniz, xalqımızı qürura qovuşdurduğunuz üçün dərin minnətdarlığımızı bildirir, sağlamlıq arzulayırıq.
Cənab Prezident, Sizə müraciət etməyimizin səbəbi Naxçıvana təyyarə bileti qiymətinin yüksək olmasıdır.
İndi Bakıdan Naxçıvana gedib-qəlmək 140-150 manata başa gəlir.
Bu, az maaş alanların, xüsusilə, təqaüdçülərin maddi durumuna çox ağır təsir edir və onların haqlı narazılığına səbəb olur.
Yeganə nəqliyyat vasitəsinin təyyarə olmasına rəğmən, çox sayda soydaşımız maddi sıxıntı üzündən xeyirdə-şərdə iştirak etmir, müqəddəs dini bayramlarda belə yaxınlarını ziyarətə gedə bilmir.
Cənab Prezident! Sizdən xahiş edirik ki, Naxçıvana avtobus və qatarla gediş-gəlişin bərpasına qədər təyyarə biletinin qiymətinin aşağı salınması üçün dövlət qurumlarına göstəriş verəsiniz.
Hesab edirik, təyyarə biletinin qiymətinin aşağı salınması həm blokada şəraitində yaşayan naxçıvanlılar, həm də, Bakıdan Naxçıvana getmək istəyən vətəndaşlarımızın rəğbətinə səbəb olar.
Cənab Prezident! Əvvəlcədən Şəxsinizə təşəkkür edirik”.
Xatırladaq ki, “Azərbaycan Hava Yolları” şirkəti (AZAL) bu yaxınlarda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin qiymətini 50 manatdan 60 manata qaldırıb. (Modern)