Bakı-Naxçıvan reysinə biletlərin qiyməti 10 manat bahalaşıb.
FED.az xəbər verir ki, bu Nazirlər Kabinetinin “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” 27 dekabr 2007-ci il tarixli 210 saylı qərarında dəyişiklik edilməsi ilə baş verib.
İndiyədək uçuş tariflərinə görə güzəştli məbləğ olan 20 manat 10 manata endirilib.
AZAL-dan verilən məlumata görə, Azərbaycan vətəndaşı olan hər bir sərnişinə bu gündən etibarən güzəşt məbləği 10 manata endirilir. Qeyd edək ki, əvvəllər bu məbləğ 20 manat təşkil edirdi.
Nəticədə Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin indiyədək 50 manat olan dəyəri 60 manata qaldırılıb.
Əlavə etmək lazımdır ki, həmin reyslərdə bir sıra kateqoriyadan olan sərnişinlər üçün güzəşt nəzərdə tutulub. 2 yaşından 12 yaşınadək uşaqlara, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, tələbələrə, həmçinin I və II dərəcə əlilliyi olan şəxslərə 10 manat məbləğində güzəşt tətbiq edilir.
Bundan başqa, NK-nın bugünkü qərarına əsasən, 210 saylı qərarın əvvəlindən "Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçuş tarifinin 95 manat həcmində təsdiq edildiyini" sözləri də çıxarılıb.