2023-cü ilin I rübündə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına ümumilikdə 1 milyard 130 milyon 616,3 min manat (cari məzənnə ilə $665 milyondan çox) investisiya yatırılıb ki, bu da 2022-ci ilin yanvar-mart aylarının göstəricisindən 3,1 dəfə çoxdur.
Ötən il azad edilmiş ərazilərdə tikinti işlərinin aparılmasına - 82,8 Milyon Manat Vəsait Ayrılıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Qarabağ iqtisadi rayonuna investisiyalar 466 milyon 524,4 min manat (2023-cü ilin yanvar-mart aylarında Azərbaycan üzrə əsas kapitala yönəldilmiş bütün investisiyaların 13,2%-i) təşkil edib ki, bunun da 460 milyon 823,4 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə yönəldilib.
Cari ilin I rübündə Qarabağ iqtisadi rayonuna kapital qoyuluşu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə, tikinti-quraşdırma işlərinə kapital qoyuluşu isə 3,2 dəfə artıb.
İnvestisiyaların böyük hissəsi - 235 milyon 364,6 min manat (Qarabağ üzrə bütün investisiyaların 50,5%-i) Füzuli rayonuna yatırılıb ki, bu da 2022-ci ilin yanvar-mart aylarının göstəricisindən 2,5 dəfə çoxdur. Şuşa rayonu üzrə investisiyalar 110 milyon 934,3 min manat, Ağdam rayonu üzrə 66 milyon 152,4 min manat təşkil edib.
Şərqi Zəngəzur iqtisadi rayonu üzrə əsas kapitala 664 milyon 91,9 min manat vəsait (Azərbaycan üzrə əsas kapitala yatırılan bütün vəsaitin 18,8%-i) yönəldilib ki, bunun da 657 milyon 370,4 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Hər iki göstərici ötən ilin yanvar-mart ayları ilə müqayisədə müvafiq olaraq 3,3 və 3,2 dəfə artıb.
Qeyd olunan vəsaitin böyük hissəsi - 236 milyon 167,7 min manat (Şərqi Zəngəzur üzrə əsas kapitala yönəldilən vəsaitin 35,5%-i) Kəlbəcər rayonuna yatırılıb. Laçın rayonu üzrə vəsait qoyuluşu 204 milyon 350,3 min manat, Cəbrayıl rayonu üzrə 108 milyon 782,6 min manat məbləğində olub.
2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 3 milyard 538 milyon 110,2 manat məbləğində və ya 2022-ci ilin I rübü ilə müqayisədə 40,9% çox vəsait yönəldilib.*
2022-ci ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına ümumilikdə 4 milyard 18 milyon 769,9 min manat (cari məzənnə ilə təxminən $2,4 milyard) investisiya yatırılıb ki, bu da 2021-ci ilin göstəricisindən 1,8 dəfə çoxdur. (İnterfaks-Azərbaycan)