Xəbər verildiyi kimi, mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında olaraq burada inşa ediləcək yeni müəssisələrin təməlini qoyub.
“Araz Vadisi” Sənaye Parkında yeni şirkət - 7,3 milyon xərcləyəcək, 124 nəfəri işlə təmin edəcək
FED.az xəbər verir ki, sənaye zonasında 4 müəssisə inşa edilir. Bunlar “Avto Lizinq Azərbaycan” MMC, “Holcim Azərbaycan” ASC, “Az-Tex-Import” MMC və “Improtex Qarabağ Sənaye Kompleksi” MMC-nin müəssisələridir.
“Araz Vadisi İqtisadi Zonası”nda inşa edilən müəssisələrdən biri Azərbaycanın tanınmış iş adamı, eləcə də keçmiş əmək və sosial müdafiə naziri Fuzuli Ələkbərovun şirkətlərinə məxsusdur.
F.Ələkbərova məxsus olan «İmprotex Qarabağ Sənaye Kompleksi» MMC tərəfindən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında şəkildə xüsusi təyinatlı texnika və metal məmulatların istehsalı nəzərdə tutulur.
Müəssisədə ildə 100 ədəd mexaniki minatəmizləyən, 100 ədəd yanğınsöndürən və 300 ədəd tentli yarımqoşqu istehsal olunacaq. Qeyd edək ki, müəssisənin istehsal edəcəyi məhsullar bilavasitə işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi üçün də istifadə edilə bilər.
Müəssisəyə ayrılan 5 hektar ərazidə investisiya həcmi 7,4 milyon manat olan layihə reallaşdırılacaq. Layihənin həyata keçirilməsi ilə 120-dən çox iş yeri yaradılacaq.
İstehsal edilən məhsulların daxili bazara satılması ilə yanaşı, Xəzəryanı və Şərqi Avropa ölkələrinə ixracı da planlaşdırılır. Azərbaycan Prezidenti müəssisənin təməlini qoydu.
Qeyd edək ki, Füuzuli Ələkbərov dövlət vəzifələrində çalışmazdan əvvəl ciddi iş adamı kimi tanınıb. "İmproteks" Şirkətlər Qrupunun prezidenti, 2003–2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının üzvü olub. 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb. Sonra isə biznes fəaliyyətini davam etdirib.