Tezliklə Azərbaycanın nəzarətinə keçəcək Laçın rayonun Sus kəndini artıq bütün 12 erməni ailəsi tərk edib, orada yalnız 1 sakin qalıb, o da yaxın günlərdə kəndi tərk edəcək.
Eləcə də bax: Laçını tərk edən ermənilər - EVLƏRİNİ YANDIRIRLAR - VİDEO - FOTOLAR
FED.az xəbər verir ki, bunu Sus kəndindəki erməni icmasının rəhbəri Mxitar Nersisyan Ermənistan KİV-nə müsahibəsində bildirib.
“Müharibədən sonra kənddə 12 ailə yaşayırdı. Onlar Ermənistanın müxtəlif bölgələrinə köçmək arzusunu ifadə ediblər, yalnız 1 ailə Qarabağa köçmək istəyib. Kənddə işıq yoxdur, telefon əlaqəsi kəsilib, hər şey sökülüb”.
İcma başçısı qeyd edib ki, sakinlər dəfn olunmuş qohumlarının qalıqlarını da özləri ilə aparıblar: "Qəbirlərimizi sökdük ki, türklərə qalmasın".
“2020-ci il müharibəsindən sonra biz düşünürdük və ümid edirdik ki, Sus, Zabux və Laçın şəhərindəki icmalar yerində qalacaq, lakin hadisələr başqa cür inkişaf etdi.
Avqustun 20-də Zoravarner parkında camaatımızda şam yandırma mərasimi təşkil etdim, torpağımıza, suyumuza söz verdik ki, bir daha qayıdacağıq (?), torpağımızla, suyumuzla vidalaşmadıq. Hər halda nə vaxtsa torpağımızı azad edəcəyimizə ümid var”, - deyə Mxitar Nersisyan həyasızcasına qanunsuz məskunlaşdıqları Azərbaycan torpaqlarını özlərininki hesab etdiklərini söyləyib.
O qeyd edib ki, kəndi tərk edənlər əvvəlcə evləri yandırmaq qərarına gəliblər, lakin sonradan fikirlərini dəyişiblər, onları sökməyə çalışıblar.
44 günlük maheribədən əvvəl Susda Ermənistanın və Qarabağdan köçən 49 ailə yaşayırdı. Müharibədən sonra onların sayı 12-dək azalmışdı.
Qeyd edək ki, ermənilər 2019-cu ildə Sus kəndində ötən əsrin əvvəllərində Qarabağda və Qərbi Azərbaycanda azərbaycanlılara qarşı qəddarlıq etmiş, özünün terror dəstəsilə kütləvi qırğınlar törətmiş tayqulaq Andarinkə heykəl də ucaltmışdılar. Heykəlin ətrafında daha üç "xaçkar" yerləşdirlmişdi.
Xatırladaq ki, Azərbaycan tərəfi Laçın rayonunun Zabux və Sus kəndlərində, Laçın şəhərində qanunsuz yaşayan ermənilərə həmin əraziləri boşaltmaq üçün avqustun 25-nə kimi vaxt verib. Ermənilər bu tələb qarşısında Laçını tərk etməyə başlayıblar. (Modern.az)