Oktyabrın 6-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib.
Füzuliyə köçən daha 73 sakinə mənzillərinin açarları - TƏQDİM OLUNUB
Bu barədə FED.az-a Dövlət Komitəsindən məlumat verilib.
Tədbirdə Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin, Füzuli Rayon İcra Hakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri iştirak ediblər.
Püşkatmada 114 ailə ( 412 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 45-i ikiotaqlı, 54-ü üçotaqlı, 15-i dördotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.
Püşkatmanın keçirilməsi məcburi köçkünlərin yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə onlara verilən evlərin dəqiq ünvanını müəyyənləşdirirlər.
Tezliklə daimi yaşayış üçün Füzuli şəhərinə qayıdacaq keçmiş məcburi köçkünlər çox böyük sevinc hissi keçirdiklərini qeyd ediblər. Onlar işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitə və məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Püşkatmada iştirak etmiş ailələr yaxın günlərdə Füzuli şəhərinə yola salınacaqlar.