Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 73 nəfər köçürülüb.
FED.az xəbər verir ki, mənzil başına çatan Füzuli şəhər sakinlərinə yeni mənzillərinin açarları təqdim olunub. Yeni köçürülən ailələri qarşılayan Qarabağ iqtisadi rayonunda daxil olan işğaldan azad edilmiş ərazilərdə prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Natiq Hüseynov yeni köçürülən ailələrə mənzillərin açarlarını təqdim edib.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşıblar. Bununla da Füzuli şəhərində 144 ailə, yəni 514 nəfərin daimi məskunlaşması təmin edilib. (Apa)