““Teknofest” bir xəyalla başlamışdı və bütün millətimizin səyləri ilə 5 il davam etdi. İstanbuldan başlayıb, artıq Türkiyə sərhədlərini aşdı”.
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar Bakıda “Teknofest Azərbatycan”ın rəsmi təqdimatında deyib.
““Teknofest” gün keçdikcə böyüdü və böyüməyə davam edir. “Türkiyədən kənarda bir “Teknofest” keçirəcəyiksə, bunu məhz Azərbaycanda edəcəyik” dedik. Untmayaq ki, müstəqilliyimiz üçün milli müdafiə sənayesinə sahib olmağımız şərtdir. Bunun ən yaxşı nümunəsini Bayraktar PUA-larımızın xidmət apardığı terrorla mübarizə hərakatında və qanayan yaramız Qarabağda gördük. Allaha şükürlər olsun ki, o yara şəhidlərimiz və qazilərimiz sayəsində bağlandı, Qarabağ işğaldan azad oldu. Tam buna görə də yüksək texnologiyaları heç kimə möhtac olmadan özümüz yaratmalıyıq”.
Qeyd edək ki, bu ilin 26-29 may tarixlərində ilk dəfə olaraq Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək.