Sentyabrın 7-də Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsinə başlanılacaq.
Eləcə də bax: “Ağalı kəndinə daha 25 ailə köçürüləcək” - VİDEO
FED.az xəbər verir ki, rayonun “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə Böyük Qayıdışa uyğun olaraq daha 25 ailə (125 nəfər) köçürüləcək.
On iki ailədən ibarət birinci köç karvanı sentyabrın 7-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən yola düşəcək. Digər 13 ailə isə ikinci köç karvanı ilə sentyabrın 9-da məcburi köçkünlük həyatına son verəcək.
Qeyd edək ki, Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).