“Yaxın bir həftə ərzində Zəngilan rayonunun Ağalı kəndinə daha 25 ailə köçürüləcək”.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Mir Şahinin Vaxtı” verilişinə müsahibəsində deyib.
Komitə sədri bildirib ki, Ağalıda 200 evdən ibarət kənd salınıb: “41 ailə artıq orada öz həyatını davam etdirir. Yaxın bir həftə ərzində 25 ailəni oraya köçürməyi nəzərdə tuturuq. Bundan sonra da Dövlət Komitəsinin qarşısında qoyulan bütün tapşırıqları yerinə yetirməyə hazırıq. Ümumilikdə 200 ailənin Ağalı kəndinə köçürülməsini mərhələ-mərhələ həyata keçirəcəyik”.
Xatırladaq ki, Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər). Yeni Ağalı kəndinə dörd mərhələdə 41 ailə köçürülüb.