Ermənistan prezidenti Armen Sarkisyan Ermənistanın niyə Qarabağ müharibəsində məğlub olduğuna dair sualı cavablandırıb.
Eləcə də bax: Ermənistan prezidenti: «Razılaşmadan xəbərim olmayıb, mən də mətbuatdan oxudum»
FED.az xəbər verir ki, o bu barədə "Aravot" qəzetinə verdiyi müsahibədə danışıb.
“Bu illər ərzində Azərbaycana və ya NATO üzvü Türkiyəyə müqavimət göstərə biləcək bir ordu yarada bilmədik. Düşünürəm ki, prinsipcə, bu xalqın hərbi ruhu və sədaqəti sayəsində mümkün idi. Bizdə hərbi texnika, müvafiq təlim, təşkilatçılıq yox idi”,-deyə Sarkisyan qeyd edib.
Sarkisyana görə, Ermənistan nəinki döyüş sahəsindəki müharibəni, eyni zamanda demoqrafik müharibəni də uduzub.
“1994-cü ildə bütün dünya, eyni avropalılar, eyni NATO güclü orduya sahib olduğumuzu düşünürdü. O zaman Qarabağ əhalisi 100 mindən bir az çox idi, 26 ildən sonra - eyni 100 və ya 130-150 min olaraq qalıb. Bu demoqrafik müharibədə də məğlub olduq. Düşünürəm ki, 26 ildə orada 500 və ya 600 min insan məskunlaşa bilərdi. Necə olacağını müzakirə etmək istəmirəm, amma bunun mümkün ola biləcəyinə əmin idim. Ancaq bu baş vermədi", - deyə Sarkisyan qeyd edib.
Onun sözlərinə görə, Ermənistan diplomatik cəbhədə də məğlub olub.
“Diplomatik korpuslarımız üç-dörd qat daha çox maliyyələşdirilməli idi. Azərbaycan və Türkiyə diplomatiyalarını gücləndirmək üçün heç nəyi əsirgəmədilər ”,-deyə Ermənistan prezidenti sözlərinə əlavə edib.
Sarkisyan erməni mediasını tənqid edərək, işlərinin çox vaxt əsassız, emosional, məntiqsiz, feysbukun məlumatlarını "kopyala-yapışdır" prinsipi ilə işlədiklərini bildirib.
Bundan əlavə, o, Ermənistanda informasiya texnologiyaları sahəsinin inkişaf etdirildiyi fikri ilə də razılaşmayıb.
“Bunun üçün səy göstərən çox sayda istedadlı gəncimiz var, amma bu sistemimiz yoxdur. Belarus kimi bir ölkədə bu gün bir neçə dəfə, onqat daha çox proqramçı var, ABŞ, Kanadadan və digər xarici ölkələrdən nəhəng pulların yatırıldığı bir proqramlaşdırma sahəsi var. Bu sahədə də geri qaldıq ”,-deyə Sarkisyan yekunlaşdırıb. (Qafqazinfo)