Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müxtəlif sahələri əhatə edən layihələrin icrası məqsədilə 2021-ci ildən bu günə qədər dövlət büdcəsindən 12 milyard manata yaxın vəsait ayrılıb.
«Bakıda, Sumqayıtda hər bir tində ev tikməkdənsə, getsinlər Qarabağda tiksinlər»
FED.az xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Bakıda keçirilən "Dövlət-Sahibkar Tərəfdaşlığı:Dayanıqlı İqtisadiyyatın Əsası" mövzusunda tədbirdə bildirib.
O qeyd edib ki, bölgədəki bərpa və quruculuq işlərinə özəl investisiyaların cəlb olunması əsas məqsədlərdəndir: "İnvestisiya cəlb edilməsilə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, məhsuldar ərzaq istehsalına əsaslanan dayanıqlı təcrübələrin tətbiqi, turizmin təşviqi və digər tədbirlər gerçəkləşdirilir. Bölgədə yeni istehsal müəssisələrinin qurulması, məşğulluğun təmin olunması məqsədilə buraya yerli və xarici investorların cəlbi istiqamətində dəstək tədbirləri xüsusi qeyd edilməlidir. Bölgədə fəaliyyət göstərən müəssisələr üçün əlverişli investisiya mühiti yaradılıb. İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan rezidentlər üçün idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materiallar vergilərdən və gömrük rüsumlarından azad edilib. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektləri 10 il müddətinə mənfəət, torpaq, əmlak və sadələşdirilmiş vergidən də azad olunub. Sahibkarların maliyyəyə çıxış imkanlarının artırılması məqsədilə kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması ilə bağlı elektron platforma hazırlanır". (Report)