İşğaldan azad edilmiş ərazilərdə biznesin inkişafı üün hər cür şərait yaradılıb, yerli şirkətlər və sahibkarlar bu imkandan istifadə etməlidirlər.
İlham Əliyevin yerli televiziyalara 2,5 saatlıq - GENİŞ MÜSAHİBƏSİ - TAM MƏTN
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
Prezident bildirib ki, işğaldan azad edilən ərazilərdə tikinti üçün hər şərait yaradılıb və biznes bu imkandan istifadə etməlidir:
«Ona görə özəl sektora da mənim tövsiyəm budur ki, bundan istifadə etsinlər. Çünki vaxt gələcək, dediyim o Qarabağı və Zəngəzuru cənnətə çevirəcəyik, bu, reallığa çevriləcəkdir. Mənim heç bir şübhəm yoxdur, çünki şəhərlərin bütün Baş planları təsdiqləndi. Şəhərlərin bütün Baş planları dünyanın, daha doğrusu, Avropanın ən qabaqcıl şirkətləri tərəfindən hazırlanmışdır, o cümlədən Şuşa şəhəri. Şuşa elə bir şəhərə çevriləcək ki, bunun dünyada bənzəri olmayacaq, memarlıq və təbiət bir vəhdət təşkil edəcək».
Prezident özəl sektora Bakı və Sumqayıtda deyil, Qarabağda tikinti işləri aparmağı tövsiyə edib:
«Bizim özəl sektorumuz Bakıda, Sumqayıtda hər bir tində ev tikməkdənsə, getsinlər orada evlər tiksinlər və görərlər ki, o iqtisadi cəhətdən də səmərəli olar və eyni zamanda, biznesin sosial məsuliyyəti nöqteyi-nəzərindən də önəmli olar. Çünki bu gün biznes dairələri üçün Azərbaycanda çox gözəl şərait yaradılır və dövlət tərəfindən dəstək göstərilir. Ona görə biznesin sosial məsuliyyəti, hesab edirəm ki, bu olmalıdır».
Dövlət başçısı bildirib ki, biznesə dəstək üçün dövlət öz üzərinə düşən işləri həyata keçirəcək:
«Getsinlər, müəssisələr qursunlar, evlər tiksinlər, zavodlar, fabriklər inşa etsinlər, dövlət isə öz üzərinə düşən bütün işləri görəcək - infrastruktur, xəstəxanalar, məktəblər, su anbarları, qazlaşdırma, içməli su, elektrik enerjisi, evlər, yollar, körpülər. İndi ancaq Murovdağın altındakı tuneli nəzərə alsaq, bunun uzunluğu təxminən 12 kilometrdir. İndi təsəvvür edin, bir tunel 12 kilometrdir, amma belə tunellərin sayı, - düzdür, o ölçüdə yox, - onlarladır. Yəni, 2024-cü ildə bu işlərə çox güclü təkan veriləcək və bütün qarşıda duran vəzifələr təmin ediləcək».