Yay mövsümü başlamayıb, amma artıq Antalya turistlərin sayına görə, rekordlar qırır. Belə ki, bu yay Antalyaya rekord sayda, 16 milyon turistin gəlməsi gözlənilir.
Təbii ki, turistlərin çoxalması qiymətlərə də təsirsiz ötüşməyəcək. FED.az–a məsələ ilə bağlı açıqlama verən “OnTravel” turizm şirkətinin meneceri Xanım Əliyeva bildirir ki, ötən ildən bu yana Antalya istiqamətində qiymətlər 30-40% bahalaşıb. Belə ki, ötən il bu vaxtı Antaliyaya səfər qiymətləri iki nəfər üçün 3-4 ulduzlu oteldə qonaqlamaqla birlikdə 500-600 dollar təşkil etdiyi halda bu il bu qiymət 850 dollardır.
Mövsüm başladıqca və otellərdə yerlər azaldıqca qiymətlər də bahalaşır. Hazırda Azərbaycanda da Antalyaya səfər etmək istəyənlər çoxdur.
Eləcə də bax: Bu il Antalya “qızmar olacaq” – BİR GÜNDƏ 76 MİN TURİST GƏLDİ
Antalyadan sonra isə azərbaycanlı turistlər arasında Quş adası, Bodrum, Marmaris olduqca populyardır. «Adları çəkilən bu istiqamətə isə qiymətlər bir qədər baha, 950-1000 dollar təşkil edir. Ötən il isə qiymətlər 750-800 dollar idi» - deyə turizm şirkətinin rəsmisi bildirib. Qeyd edək ki, bu istiqamətdə də müəyyən bahalaşmaların olduğu bildirilir.
“Baku Travel Tourism” rəsmisi Əziz Şiriyev isə daha az pul xərcləmək istəyən azərbaycanlı turistlərin Türkiyəyə avtobus turlarına üstünlük verdiklərini bildirdi.
Onun sözlərinə görə, hazırda avtobusla Gürcüstan-Türkiyə turlarına üstünlük verənlər də az deyil. Bu turlar Rize, Ardvin, Kapadokiya istiqamətlərinə təşkil edilir. Belə turların bir nəfər üçün qiyməti isə 199-245 dollar arasında dəyişir.
Şirkət rəsmisinin sözlərinə görə, bu istiqamətlərdə öncədə otel bron etdikləri üçün turizm şirkətlərinə ucuz başa gəlir və onlar da öz növbəsində müştərilərinə sərfəli qiymətə tur təqdim etmiş olurlar.
Əziz Şiriyevin sözlərinə görə, mövsümə yaxınlaşdıqca istirahət mərkəzlərində qiymətlər artır. Belə ki, qış aylarında 30-40% endirimlər olduğu halda mövsümə doğru bu endirimlər tamamilə ləğv edilir.
Hazırda bal ayı üçün Türkiyəni seçən azərbaycanlılar çoxdur. Bu qiymətlərdə də artım var. Hazırda Antalyada bal ayının keçirilməsi 2 000-2 200 dollara başa gəlir, ötən il isə bu qiymət 200-300 dollar aşağıdır» – deyə şirkət rəsmisi bildirib.