“Bənövşə”, “Şəlalə” və “Şahin” sortları müasir seleksiya üsulu ilə alınan ilk milli sortlardır
Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun müasir innovativ toxumçuluq istixanalarında respublikamızda ilk dəfə pomidorun yeni sort və hibridlərinin yaradılması istiqamətində iş aparılır.
FED.az xəbər verir ki, bu barədə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev məlumat verib.
Onun sözlərinə görə, institutun istixanalarında dünyanın müxtəlif ölkələrində yetişdirilən pomidorlardan seleksiya üsulu ilə keyfiyyətli toxumlar əldə edilir: “Ölkəmizdə ilk dəfə institutumuzda seleksiya toxumçuluq işləri dünyada mövcud olan ən müasir, yeni innovativ üsullarla həyata keçirilir. Hazırda pomidorun 150-dək sort nümunəsi üzərində iş aparılır. Alınan yeni sort və hibridlər əvvəlcə yoxlanılır, keyfiyyəti, məhsuldarlığı, xəstəliyə davamlılığı yüksək olanlar qeydiyyata alınır və toxumları əldə edilir. “Bənövşə”, “Şəlalə” və “Şahin” sortları məhz müasir seleksiya üsulu ilə alınan ilk milli sortlardır və qeydiyyatdan keçirilib. Məhsuldarlıqları digərləri ilə müqayisədə 30-40 faiz çoxdur”.
Qeyd edək ki, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda bir müddət öncə laboratoriya şəraitində virussuz sağlam kartof toxumları da əldə olunub.
Eləcə də bax:Xurma ixrac edənlər nə qədər qazanıblar - AÇIQLANDI