Bakı şəhərində sərnişin avtobuslarına və taksilərə, sürücülərə, daşıyıcılara, Nəqliyyat Mübadilə Mərkəzlərinə, avtobus və taksilər üçün dayanacaqlarla bağlı yeni tələblər bu sahdə xidmətin keyfiyyətini yüksəltmək məqsədi daşıyır.
FED.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. BNA bildiri ki, yeni tələblər Agentliyin təklifləri əsasında hazırlanıb.
Eləcə də bax: Bütün avtobuslarda yeni aparatlar quraşdırılacaq - YENİLİK
Hüquqi qüvvəyə minən tələblərin icrası üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən bütün zəruri addımlar atılır. Eyni zamanda bildirilir ki, müntəzəm sərnişindaşıma və taksi minik avtomobili ilə sərnişindaşıma sahəsində mövcud vəziyyət nəzərə alınmaqla müəyyən müddət ərzində qərarla təsdiq edilən tələblər tədricən icra edilməlidir. Belə ki, sərnişindaşıma sahəsində xidmət göstərən daşıyıcılar mövcud çatışmazlıqları aradan qaldırmalı və fəaliyyətlərini yeni tələblərə uyğunlaşdırmalıdır. Bu isə dövlətin bu sahədə çalışan hüquqi və fiziki şəxslərə münasibətdə bir daha liberal mövqedən yanaşmasının göstəricisidir. Onu da qeyd edək ki, ötən üç il ərzində daşıyıcılara sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyətinin artırılması ilə bağlı mütəmadi olaraq yazılı və şifahi xəbərdarlıqlar edilib.
Bir daha vurğulamaq istərdik ki, bu tələblər dövlətin şəhər nəqliyyatının müasir informasiya texnologiyalarının imkanlarının tətbiqi ilə dayanıqlı inkişafına xidmət edəcək.