Fransa şirkətinin Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti üçün istehsal etdiyi ilk yük lokomotivinin Azərbaycana gətirilməsinin dəqiq vaxtı məlum olub.
"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, yük lokomotivi yaxın günlərdə ölkəyə gətiriləcək:
"Son vaxtlar Azərbaycan Dəmir Yollarının lokomotiv parkının yenilənməsi istiqamətində də mühüm addımlar atılır. "Azərbaycan Dəmir Yolları" QSC ilə Fransanın "Alstom Transportation S.A." şirkəti arasında 12 may 2014-cü il tarixdə bağlanmış müqaviləyə əsasən, ADY "Alstom" şirkətinin istehsalı olan 50 ədəd dəyişən cərəyanla işləyən yük lokomotivinin alınmasını planlaşdırır".
Qeyd olunub ki, 2018-ci il iyunun 25-də Qazaxıstanın "Astana" xüsusi iqtisadi zonasının ərazisində yerləşən EKZ zavodunda "Alstom Transportation S.A." şirkətinin Azərbaycan üçün istehsal etdiyi ilk yük lokomotivinin - Prima T8-in (AZ8A) təqdimat mərasimi keçirilib: "Birinci yük lokomotivinin bu ilin sonu - gələn ilin əvvəllərində Azərbaycana gətirilməsi nəzərdə tutulur".
Bundan əvvəl "Alstom" şirkətindən bildiriblər ki, ilk yük lokomotivi bu il dekabrın ikinci yarısında Azərbaycana gətiriləcək. 2019-cu ilin fevralında ilk AZ8A lokomotivi test rejimində Gəncə və Böyük Kəsik stansiyaları arasında xəttə buraxılacaq.