Kürdəmir rayonunda son illər istixana təsərrüfatına maraq artır. Hazırda 28 hektarda bu cür təsərrüfat fəaliyyət göstərir ki, burada da əsasən xiyar və pomidor yetişdirilir.
FED.az xəbər verir ki, rayon icra hakimiyyətindən bildirildiyinə görə, investisiya qoymaq məqsədilə rayona cəlb edilən sahibkarlar arasında da istixana təsərrüfatının yaradılmasına maraq göstərənlər var. Təsadüfi deyildir ki, bu il “Geotermal Agro” MMC tərəfindən Mollakənd kəndi ərazisində 10 hektar sahədə termal sularla isidilən müasir istixana tikilib və hazırda burada pomidor yetişdirilir.
Qeyd edək ki, təkcə bu ilin ötən müddətində rayonun istixana təsərrüfatlarında 650 tondan çox xiyar və pomidor istehsal olunub. İstehsal edilən məhsulların 210 tondan çox xarici bazarlara, əsasən də Rusiya və Ukraynaya ixrac olunub.